Cənub marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran ölkənin şimalı və Xəzər dənizi vasitəsilə xarici ticarəti inkişaf etdirmək imkanlarını araşdırır.
Bu barədə "Fars" agentliyində dərc olunan məqalədə bildirilib.
"Bu şəraitdə bəzi ekspertlərin "Xəzər Ekspresi" adlandırdığı yol xüsusilə vacibdir. Bu, İranı şimal limanları vasitəsilə Rusiyaya və daha sonra Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirə biləcək və ölkənin cənub ticarət yollarından asılılığını qismən azaldacaq bir yoldur", - yazıda vurğulanıb.
Qeyd olunub ki, Xəzər dənizi həmçinin Rusiya və Qazaxıstandan zəruri malların, taxılın, kənd təsərrüfatı məhsullarının, ağacın və xammalın idxalı, eləcə də İranın kənd təsərrüfatı, sənaye və tikinti məhsullarının ixracı üçün vacib bir marşruta çevrilə bilər: "Bu şəraitdə prioritet müvafiq sənədin təsdiqini sürətləndirmək deyil, tədqiqatları və onun hərtərəfli nəzərdən keçirilməsini başa çatdırmaq olmalıdır.
İran üçün Xəzər dənizinin əsas problemi təkcə onun sərəncamında nə qədər su və ya dəniz dibi sahəsinin olacağı məsələsi deyil, həm də ölkənin Xəzər dənizindən istifadə etməklə ticarət, tranzit və iqtisadi faydaların hansı hissəsini əldə edə biləcəyi məsələsidir".
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian hazırda ölkəsi üçün Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq üçün zəmin yarandığını bildirib. Onun yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi dövlətlər arasında digər Xəzəryanı ölkə Türkmənistan da var.