TAQ.az saytı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində tədbir keçirilib. “Tarix yazanlar, tarixdə yaşayanlar” adlı tədbir-sərgi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şəhid əməkdaşlarına həsr olunub.
Mərasimdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış “Aztelekom” MMC-nin əməkdaşı polkovnik-leytenant Nail Orucov, “Azərpoçt” MMC-nin əməkdaşı baş leytenant Rəşad Rəhimov, “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşları – əsgər Şəhriyar Qasımov və Nurəhməd Ulubəyov, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı əsgər Elnur Qarayevin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətlərinə aid olan əşyalar, fotolar, sənədlər nümayiş etdirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və müvafiq qurumların əməkdaşları iştirak edib.
Qeyd edək ki, sərgi 22 dekabra qədər davam edəcək.
Günel İsayeva