Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Keniyanın yeni səfiri Cona Mayna Mvangini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonun Azərbaycana səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladıb.
İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlət başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, son dövrlərdə əlaqələrin inkişaf etdiyini deyərək hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğulayıb.
Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəminə toxunub.
Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.