İraqın Kərkük vilayətində İŞİD terror qruplaşmasına məxsus qurğunun partlaması nəticəsində 2 hərbi qulluqçu, o cümlədən bir briqada generalı ölüb.
Bu barədə İraq İnformasiya Agentliyi (INA) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun rəsmi nümayəndəsi general-mayor Yəhya Rəsul Abdullanın sözlərinə görə, 11-ci piyada diviziyasının rabitə idarəsinin rəisi, briqada generalı Əhəd Yasir Xudayr Hüseyn və zabit Mötəz Şəhid Abbas ölüblər.
Hadisə Kərkük vilayətinin Vadi-Zəğeytun rayonunda terrorçu qrupun sığınacağına endirilən hava zərbəsinin yerinə baxış zamanı baş verib. Hərbi qulluqçular daha əvvəl İŞİD yaraqlılarının qoyub getdiyi partlayıcı qurğuya düşüblər.
İraq Müdafiə Nazirliyindən vurğulanıb ki, silahlı qüvvələr ölkədəki terror ocaqları tamamilə ləğv edilənə qədər qalan terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirəcək.