"Regionda həm cəmiyyət, həm İctimai Birlik bir arada ciddi işlər görə bilər, boşluq aradan qalxar"-TAQ İB - nin Ağdam rayonu sədri
Gündəm / Sosial
14-12-2021, 18:46
Bugün Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin Ağdam rayon sədri Nadir Qədimli ilə görüş keçirildi. Görüşdə İctimai Birliyin nizamnaməsi və 37 vəzifə üzrə seçiləcək namizədlərin Birliyin fəaliyyət mexanizmi, gələcək planları müzakirə edilib. Bildirilib ki, birlik daxilində uyğun şəxslərin olması, daha çox seçimdə ziyalılıq və iki dövlət arasında müəyyən fəaliyyət xidməti, təcrübəsi olanların seçilməsi və eləcə də ölkə daxilində müəyyən birlik və cəmiyyətlərdə çalışan şəxslərin təmsilçiliyi önəmli hesab edilir. Bu minvalla söhbəti TAQ.az saytı olaraq Nadir Qədimli ilə davam etdiririk.
- Nadir müəllim, Türkiyə Azərbaycan İctimai Birliyinin yaradılmasını necə qiymətləndirirsiz, birliyin yaradılması indiki dövrdə nə kimi faydalı ola bilər?
- Düzünü ifadə etsək, indiki dövrdə bir boşluq var bu sahədə. İctimai Birliklərin yaradılmasına ciddi ehtiyyac var. Ona görə də Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyin yaradılması bu mənada böyük nailiyyətdir, yenilikdir. Birlikdə diqqətimi çəkən və məni də bura üzv edən səbəb məhz türkçilik, iki qardaş millətin bir amal, bir vəhdət daxilində birləşməyidir. 71 il sovet hakimiyyəti dönəmində müəyyən boşluqlar, sonrakı 30 ildə müəyyən iqtisadi, siyasi çətinliklər belə bir İctimai Birliyin yaradılmasını vacib edirdi. Mən özüm də türkəm, çox istərdim ki, milli kimliyimizə, türk kökənimizə hörmət edib iki qardaş millət olaraq birləşib müəyyən işlər görək. Gələcək nəsil kortəbii deyil, türk kimliyinə bağlı, milli kimliyinə şüurlu şəkildə xidmət edən, tanıyan şəkildə yetişsin. Eləcə də mədəniyyət, təhsil, səhiyyə sahələrində ikitərəfli ciddi işlər görmək, mübadilə proqramı reallaşdırmaq mümkün olar. Ümid edirəm ki, birlik vasitəsilə birlikdə müəyyən işlər görüləcək. Dövlət naminə, xalq naminə, iki qardaş millət naminə görülən işlərin faydası böyük olacaq.
- Nadir müəllim, bir az öz fəaliyyətinizdən danışın. Bildiyim qədər ilə siz İctimai Birliyin Ağdam rayonu sədri olmaqla yanaşı, həm də Qızıl Aypara Cəmiyyətinin sədrisiz. Həm Cəmiyyət, həm İctimai Birlik sədri olmaq müəyyən çətinliklər yaratmaz, yaxud da ikisi bir arada nə kimi fəaliyyət proqramı birliyə faydalı ola bilər?
Ümumiyyətlə, gördüyünüz işlər, lahiyələr barədə məlumat verin.
- Qızıl Aypara Cəmiyyəti 1960-1970 - ci illərdən Ağdamda fəaliyyət göstərir. Mən isə bu Cəmiyyətə 1992- ci ildən üzv olaraq qəbul edilmişəm. 2018- ci ildən etibarən isə sədr kimi fəaliyyətimi davam etdirirəm. Qızıl Aypara Cəmiyyətinin 7 fəaliyyət növü üzrə proqramı var ki, burada humanizm, qərəzsizlik, ədalət, humanitar humanizm, xeyriyyəçilik, tərəfsizlik və maarifçilik prinsipləri əsasında işlər görülür. Cəmiyyətin əsas fəaliyyət planı Ağdam rayonu üzrə əlil, kimsəsiz, ahıl və yardıma ehtiyyacı olan şəxslərə, şəhid, qazi ailələrinə, onların övladlarına ərzaq, geyim kimi yardımlar edirik. Təxminən müharibəyə qədər 250 ehtiyyacı şəxsə yardımçı ola bilmişiksə, ötən ilin 44 günlük savaşında daim cəbhə ətrafı kəndlərdə, evsiz, yalnız qalmış, yol kənarında kömək gözləyən insanların yanında olmuşuq. Ümumilikdə 3500 müharibədən əziyyət çəkən şəxsə ərzaq, geyim və çadır kimi vacib təminatları yardımçı ola bilmişik. Ağdam üzrə 20 yaxın könüllü var ki, onların sayəsində bu lahiyələr həyata keçirilir. Yalnız ərzaq, geyim kimi köməklik deyil, həm də psixoloji cəhətdən müharibədən əziyyət çəkən şəxslərə, iştirakçılara təlimlər keçib, seanslar təqdim etmişik. Könüllülər müəyyən lahiyələrdə iştirak edib ilkin tibbi yardım və psixoloji hazırlıq proseslərinə hazır olurlar. Müharibə dönəmində sığınacaqda məskunlaşan müharibədən əziyyət çəkənlərə zamanla yardımlar göstərilib və hələ də proseslər davam etdirilir. O ki, qaldı İctimai Birliklə Cəmiyyətin iş vəhdətinin yaradılması düşünürəm ikisi bir arada çox mühüm işlərə imza ata bilər. Əgər Qızıl Aypara Cəmiyyəti olaraq təhsil sahəsində bir lahiyə həyata keçirirsə düşünürəm birlik daxilində isə bu fəaliyyətin əhatə dairəsini genişləndirib böyük işlərə imza ata bilərik. İki qurum vasitəsi ilə rayonlar daxilində müəyyən işlər görüb iki dövlət arasında mübadilə proqramı ilə ehtiyyac duyulan sahələri dirçəldə, onlara diqqət cəlb edə bilərik.
- Sonuncu sualım məhz bu fəaliyyət proqramı ilə bağlıdır ki, əsas işlərin görülməsi baxımından hansı sahələrə diqqət ayrılması vacibdir ki, regionda inkişafı görünsün. Qızıl Aypara Cəmiyyəti və TAQ İctimai Birlik bir arada konkret hansı sahələrdə ortaq iş birliyi yarada bilər?
-İlk növbədə bu sahələr düşünürəm təhsil sahəsi ilə bağlı ola bilər. Təhsil sahəsində ikitərəfli işlər görülməsinə ehtiyyac var. Ali təhsil ocaqları arasında mübadilə prosesini reallaşdırmaq olar. Müəyyən lahiyələr əsasında fond formalaşdırıb şəhid, qazi ailələrinə, ehtiyyaclı şəxslərə, əlillərə yardım edilər. Bu bir xeyriyyəçilik missiyasıdır ki, bura xeyriyyə məqsədilə şəffaf şəkildə digər lahiyələr də əlavə etmək olar. Bu artıq ikinci missiyadır. Digər bir yandan işsizliklə bağlı regionların sosial-iqtisadi bazasına uyğun olaraq bölgələrdəki, xüsusilə kəndlərdəki qadınlara, işsiz, insanlara da yardımçı olmaq olar. Yenə bunu ikitərəfli təbliğat və mübadilə proqramı ilə, eləcə də müəyyən fondların cəlbi ilə lahiyələr keçirib yaxud təkliflər verilib, iş yerləri, kiçik biznes şəbəkələri, ailə fermer təsərrüfatları və təhsilə yönəlik kursların, hətta, məktəblərin açılışına çalışmaqla olar. Qardaş Türkiyədə, eləcə də ölkədəki türk şirkətlərini, eləcə də öz şirkətlərimizi, iş adamlarını bura cəlb etmək də bu mənada yerinə düşər. Bunu mədəniyyət müəssisələrində də tətbiq etmək mümkündür. Bu da gələcəyin fəaliyyətinə daxildir. Daha perspektivli və böyükmiqyaslı işlər görmək olar ki, hələ buna kiçik işlərlə start verməliyik. Ümid edirəm əməkdaşlığımız baş tutacaq. İki türk dövlətinin inkişafı və əməkdaşlığı naminə Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi parlaq bir gələcək bəxş edəcək. İşlərimizdə uğurlar!